Healthy news

Aktiv süni intellekt istifadəsi beyin fəaliyyətimizə necə təsir edir? Tibbi kontekstdə rolu və istifadəsi

Süni intellekt texnologiyaları, xüsusilə də ChatGPT, bir çox insan üçün gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İstər mətnlərin xülasələnməsi, istər məlumatların təhlili, istərsə də sadəcə reseptlərin hazırlanması üçün bu texnologiya sürətli, rahat  cavablar təqdim edir.

Lakin sual yaranır: Düşünmə, yazma və problem həll etmə kimi funksiyalarda süni intellektə artan şəkildə güvəndikdə beynimizdə nə baş verir?

ABŞ-ın Kembric şəhərindəki Massaçusets Texnologiya İnstitutunun yeni bir tədqiqatı göstərir ki,ChatGPT ilə müntəzəm işləyən insanlar beyinlərinə köməkdən çox zərər verə bilərlər.


Araşdırmanın məqsədi nə idi?

Tədqiqatçıları düşündürən sual bu yöndə idi: Yazı yazarkən süni intellektdən istifadə düşünmə prosesinin sürətinə təsir edirmi? Bu məqsədlə üç təqdiqat qrupu yaradıldı:

  1. ChatGPT kimi süni intellekt aləti ilə işləyənlər;
  2. Məlumatları klassik internet axtarışı ilə toplayanlar;
  3. Heç bir köməkçi vasitə olmadan, yalnız öz biliklərinə əsaslananlar.
    Əsas məqsəd diqqət, yaddaş, dil və yazı bacarıqları kimi koqnitiv funksiyalara olan təsiri ölçmək idi.

Tədqiqat tərkibi və metodları

4 ay davam edən bu tədqiqatda 54 nəfər iştirak etmişdir.İştirakçılar əsasən ali təhsilli,o cümlədən rəqəmsal texnologiyalarla tanış gənclərdən seçilmişdi. Təqdiqatın ilk qismində hər kəs müvafiq qrupuna uyğun olaraq üç esse yazdı. Dördüncü mərhələdə isə şərtlər dəyişdirildi:

  • Əvvəlcə ChatGPT istifadə edənlər sonradan onsuz yazmalı oldular.
  • Əvvəlcə heç bir köməkçi vasitə istifadə etməyənlər isə bu dəfə ChatGPT-yə çıxış əldə etdilər.

Yazı zamanı elektroensefaloqrafiya (EEG) ilə beyin aktivliyi ölçüldü. Xüsusilə alfa və beta dalğaları izlənildi (Bu dalğalar diqqət, yaddaş və zehni fəaliyyətlə əlaqəlidir).
Əlavə olaraq, mətnlər dil baxımından təhlil edildi,həm müəllimlər, həm də xüsusi bir süni intellekt sistemi tərəfindən qiymətləndirildi.
Həmçinin iştirakçılarla müsahibələr keçirildi.


Nəticələr: 

 Beyin aktivliyi:

  • Heç bir vasitə olmadan yazanlarda ən yüksək zehni fəaliyyət müşahidə olundu.
  • Axtarış motoru istifadə edənlər orta səviyyədə aktivlik göstərdi.
  • ChatGPT istifadəçilərində beyin fəaliyyəti ən aşağı idi, xüsusilə diqqət və yaddaşla əlaqəli beyin sahələrində bunu görmək olardı.

Mətnin quruluşu və qrammatik səhvlər:

  • ChatGPT ilə yazılan mətnlər qrammatik baxımdan düzgün, lakin şəxsi və yaradıcı baxımdan zəif idi.
  • Öz biliyi ilə yazanların mətnləri daha fərdi və yaradıcı, lakin dil baxımından bəzən natamam idi.
  • Axtarış motoru istifadə edənlər hər iki qrup arasında orta səviyyədə idi.

    Məlumatın yadda qalma müddəti:
  • ChatGPT istifadə edənlər öz yazdıqları cümlələri bir neçə dəqiqə sonra xatırlamaq və sitat gətirməkdə çətinlik çəkdilər.
  • Öz hesabına yazanlar daha yaxşı yadda saxlama və məlumatı təkrar vermə bacarığı göstərdilər.

 Bu nəticə göstərir ki, süni intellekt ilə yazı zamanı informasiya beyində daha zəif emal olunur.

Ümumiləşdirsək, əvvəlcə Süni intellekt alətləri  ilə işləyib, sonra onsuz yazmalı olanlar öyrəşmə və ya tənbəllik əlamətləri göstərdi, zehni fəaliyyət yavaşladı.Əks hal isə beyin aktivliyində yenidən artıma səbəb oldu. Süni intellekt  ilə yeni qarşılaşma zehni marağı artırdı.


Niyə bu nəticələr vacibdir?

Bu tədqiqat göstərir ki, ChatGPT kimi alətlər, rahatlıq təmin etsə də, uzunmüddətli istifadədə zehni bacarıqların zəifləməsinə səbəb ola bilər.Xüsusilə:

  • Diqqət azalır,
  • Yaddaş zəifləyir,
  • Dil və ifadə qabiliyyəti passivləşir,
  • Yaradıcı və tənqidi düşüncə zəifləyə bilir.

 Tədqiqatın məhdudiyyətləri:

İştirakçı sayı azdır (54 nəfər) və uzunmüddətli nəticələri sübut etmək üçün zaman müddəti(4 ay) yetərli deyil. Eyni zamanda hər kəsin ChatGPT ilə hansı şəkildə işlədiyi standartlaşdırılmayıb.


Nəticə və zehni fəalliyət balansını qoruma üsulları 

Süni intellekt bizə kömək edə bilər, amma yanlış istifadə bizi passivləşdirə də bilər.Davamlı istifadə zamanı yaddaş zəifləyə, özünə məxsusluq hissi və yaradıcı təfəkkür geriləyə bilər. Süni intellekt imkanlarından istifadə də balansı qorumağı unutmayaq. 

  • Bunun üçün verilən suallar cavab almağa deyil,öyrənməyə xitab etməlidir. 
  • Digər tərəfdən hər hansı mövzuda əvvəlcə öz düşüncə və fikrini formalaşdırmaq, daha sonra süni intellekt ilə qarşılaşdırmaq həm aktiv düşüncəyə ,həm də yeni alternativləri öyrənməyə təşviq edir.

 


Tibbi mövzularda süni intellekt alətlərinin istifadəsi

Chat GPT-nin tibbi kontekstdə istifadəsi ilə bağlı ehtiyatlı olmaq vacibdir.

Ən bariz çatışmazlıq ondan ibarətdir ki, chatbot nə fiziki müayinə apara bilər, nə qan analizi götürə bilər, nə də rentgen çəkə bilər. Həmçinin, pasiyentlə ətraflı söhbətə əsaslanan anamnez də apara bilmir. Nəticədə əsl problem üzə çıxmır,yanlız verilən məlumatlar və görülən simptomlara əsasən cavab verilir. 

Digər mühüm problem isə köhnəlmiş məlumatlardan istifadə olunmasıdır. Hal-hazırda ChatGPT-4 modeli 2021-ci ilə qədər olan məlumatlara əsaslanır, bu isə ən son tibbi yeniliklərə cavab verə bilməmək deməkdir.

Həmçinin, mənbə göstərilmədən verilən diaqnostik tövsiyələr də etibarlılıq baxımından problem yaradır, çünki pasiyentlər təqdim edilən informasiyanın doğru olub olmadığını yoxlaya bilmirlər. Məlumatın haradan gəldiyi və hansı əsaslara söykəndiyi bəlli olmur.

Nəticə etibarilə, ChatGPT sağlamlıqla bağlı suallara tez,asan,əlçatan cavab verir, lakin yanlış və qeyri-dəqiq diaqnoz riski, yetərsiz yönləndirmə, köhnəlmiş bilgilər kimi ciddi risklər daşıyır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi